“Sosial Dövlət Naminə” İctimai Birliyinin əməkdaşları şəhidlərimizin keçdiyi çətin və
şərəfli döyüş yollarından söz açmış, onların göstərdiyi igidliklərdən qürurla bəhs etmişlər
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi rayon Təşkilatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İctimai Birliyin Binəqədi rayon Qadınlar Şurasının nümayəndə heyəti tərəfindən Qarabağ Vətən Müharibəsi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini anmaq və onların ailələrinə mənəvi dəstək olmaq məqsədilə növbəti anım və ziyarət tədbirlərində iştirak ediblər.
Şəhid Mayor Rüfət Əsgərovun və Şəhid Vüqar Eyvazovun Xatirəsi Anılıb
14 oktyabr 2026-cı il tarixində Birliyin Binəqədi rayon Qadınlar Şurasının sədri, Hacı Əntiqə Hüseynova və sədr müavini Şəmsiyə Qurbanova İkinci Fəxri Xiyabanda şəhid mayor Əsgərov Rüfət Mürvət oğlunun anım mərasimində iştirak ediblər. Təşkilat nümayəndələri şəhidimizin rühuna dualar oxuyub, valideynlərinə dərin hüznlə başsağlığı veriblər. Ziyarət zamanı “Sosial Dövlət Naminə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə təsis olunmuş "Qarabağ Azərbaycandır" fəxri diplomu şəhidimizin atası Mürvət Əsgərova təqdim edilib.
Elə həmin gün Hacı Əntiqə Hüseynova və Şəmsiyə Qurbanova Mehdiabad qəsəbəsinə gedərək, 2023-cü il sentyabrın 20-də keçirilən lokal antiterror əməliyyatları zamanı Xocavənd şəhərinin azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Eyvazov Vüqar Eyvaz oğlunun ev-muzeyini ziyarət ediblər. Şəhidimizin göstərdiyi şücaət və fədakarlığa görə İdarə Heyətinin qərarı ilə təsis edilmiş "Qarabağ Azərbaycandır" fəxri diplomu şəhidin anası Telli Eyvazovaya təqdim olunub.
Şəhid Baş Leytenant Cəmil Nəcəfov və Şəhid Məhəmməd Xəlili Ziyarət Olunub
Anım tədbirlərinin davamı olaraq, 16 oktyabr 2026-cı il tarixində Binəqədi rayon Qadınlar Şurasının sədri Hacı Əntiqə Hüseynova və sədr müavini Şəhla Vəliyeva Binəqədi Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonunun azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlunun anım gününə qatılıblar. Daha sonra Birliyin əməkdaşları şəhidimizin ev-muzeyinə baş çəkib, onun keçdiyi şərəfli döyüş yoluna nəzər salıblar. Görüş zamanı "Qarabağ Azərbaycandır" fəxri diplomu şəhidin anası Mətanət xanıma təqdim edilib.
17 oktyabr 2026-cı il tarixində isə Binəqədi rayon Qadınlar Şurasının sədri Hacı Əntiqə Hüseynova və sədr müavini Şəmsiyə Qurbanova Biləcəri qəsəbəsində şəhidimiz Xəlili Məhəmməd İlqar oğlunun ev-muzeyində olublar. Görüşdə İdarə Heyətinin qərarı ilə təsis olunmuş "Qarabağ Azərbaycandır" fəxri diplomu şəhidin anası Xoşqədəm xanıma təqdim olunub.
Onu da qeyd edək ki, görüşlər zamanı “Sosial Dövlət Naminə” İctimai Birliyinin əməkdaşları şəhidlərimizin keçdiyi çətin və şərəfli döyüş yollarından söz açmış, onların göstərdiyi igidliklərdən qürurla bəhs etmişlər. Şəhidlərimizin ruhuna salavatlar çevrilərək dualar oxunub.
Xüsusilə, Binəqədi rayon Qadınlar Şurasının sədri Hacı Əntiqə Hüseynova geniş nitq söyləyərək, şəhid ailələrinin hər birinə ayrı-ayrılıqda Uca Yaradandan səbr və dözüm diləyib, dövlətimizin və ictimaiyyətin hər zaman onların yanında olduğunu vurğulamışdır.
Allah cəmi şəhidlərimizin ruhunu şad, məqamını uca etsin!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin
Binəqədi rayon Təşkilatının mətbuat xidməti