Təranə Mustafayeva "Qarabağ Azərbaycandır" Fəxri Diplomu ilə Təltif Olunub
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən rəsmi məlumatda bildirilir ki, bu gün 7 oktyabr 2026-cı il tarixində təşkilatın Binəqədi rayon Qadınlar Şurasının sədr müavini Şəmsiyə xanım Qurbanova Xırdalan şəhər 10 nömrəli tam orta məktəbində olmuş və məktəbin direktoru Təranə xanım Mustafayeva ilə işgüzar görüş keçirmişdir.
Görüş zamanı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, təhsil müəssisələrində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi və məktəblə ictimai təşkilatlar arasında əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Təhsil sahəsində göstərdiyi xidmətlər, böyüməkdə olan nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsindəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək, Təranə xanım Mustafayevaya xüsusi diqqət və ehtiram ifadə olunmuşdur.
Səmimi və işgüzar şəraitdə keçən görüşün yekununda Şəmsiyə xanım Qurbanova “Sosial Dövlət Naminə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə təsis edilmiş "Qarabağ Azərbaycandır" Fəxri Diplomunu və müvafiq vəsiqəni təşkilatın sədri, tanınmış İctimai Xadim Faiq Əhmədovun adından məktəbin direktoru Təranə xanım Mustafayevaya təntənəli surətdə təqdim etmişdir.
Təltifə görə dərin minnətdarlığını bildirən məktəb direktoru Təranə xanım Mustafayeva göstərilən diqqətə və yüksək etimada görə “Sosial Dövlət Naminə” İctimai Birliyinin rəhbərliyinə, şəxsən Birlik sədri Faiq Əhmədova öz təşəkkürünü ünvanlamışdır.
O, vurğulamışdır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərimizin adını daşıyan bu cür şərəfli təltifə layiq görülmək böyük qürur və eyni zamanda yüksək məsuliyyətdir. Məktəb rəhbərliyi bundan sonra da gənc nəslin təlim-tərbiyəsi, vətənə sədaqət ruhunda yetişməsi istiqamətində yorulmaz fəaliyyətini davam etdirəcəyini qeyd etmişdir.
Şəmsiyə xanım Qurbanova da öz növbəsində Təranə xanımın simasında məktəbin bütün pedaqoji heyətini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara bu şərəfli və məsuliyyətli peşə fəaliyyətlərində möhkəm cansağlığı, tükənməz həvəs və yeni-yeni nailiyyətlər arzulamışdır.
Çox səmimi, isti və səmərəli mühitdə baş tutan görüşün sonunda xatirə fotosu çəkilmişdir.
Kəmalə Rüstəmova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiətlə Əlaqələr Şöbəsinin əməkdaşı